QARABAĞIN GÖRMƏLİ YERLƏRİ

  • 7152

Qarabağ... Öz təbiəti, havası, suyu, qəhrəman oğulları, mərd əhalisi ilə hər zaman seçilən doğma yurdumuz.

Qarabağımıza olan həsrətimiz, intizarımız tezliklə bitəcək. Yaxın zamanda Qarabağa turlar təşkil edəcəyik! Hələlik isə Sizi Qarabağımızın ən gözəl məkanlarına, görməli yerlərinə nəzər yetirməyə dəvət edirik.

CIDIR DÜZÜ

Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsünkar diyar olan Qarabağımızın incisi olan Şuşanın ən gözəl məkanlarından biridir Cıdır düzü.

Şuşanı dillər əzbərinə çevirən bu məkan adından göründüyü kimi tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramlarını keçirdiyi ərazidir.


Eyni zamanda bu ərazidə bir çox milli xalq oyunları- güləş, qaçış, ox atmaq yarışları keçirilirmiş. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzənsə taxıl, buğda və s. hədiyyə edilirmiş.

Cıdır düzünün Azərbaycana məxsus olmasını sübut edən ilk fakt Pənahəli xanın orada qala tikdirməsidir. 

Bu məkan sonradan Azərbaycanın, eləcə də, o zamankı SSRİ-nin bütün yerlərindən olan turistləri cəlb edirdi. Qarabağa kim gələrdisə, mütləq Cıdır düzünə də baş çəkirdi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu yüksəkliklərə "Üçmıx" adı verilib. O zaman sanatoriya və istirahət evlərində dincələn turistlər həmin yerlərə gəzintiyə çıxıb təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında heyranlıqlarını gizlədə bilmirdilər.

Şuşanın işğalından öncə Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalı keçirilirdi. Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxu elə Cıdır düzündəki ifalarından sonra məşhurluq qazanıb. 

Ümid edirik ki, qüdrətli Azərbaycan Ordusunun işğaldan azad olunan torpaqları, zəfər xəbərləri sırasında tezliklə  Azərbaycanın incisi olan Şuşanın və oranın simvolu Cıdır düzünün də adı olacaq!


MUROVDAĞ

3 min 700 metr yüksəklikdə olan bu məkan Azərbaycanın gözəl dağ silsiləsi olmaqla yanaşı strateji yüksəklik kimi böyük əhəmiyyət daşıyır.

Vikipedik məlumatlara görə, Murov Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsidir.

Silsilənin şimal-şərqində əsrarəngiz göllər yerləşir. Onlar arasında ən gözəli Göygöl gölüdür.


Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynayıb. Silsilənin maksimal hündürlüyü 3 724 m olan Gamışdağ zirvəsidir.

Bu dağ Azərbaycanın strateji yüksəkliyi olmaqla yanaşı, uzun illər bədxah qonşularımızın əl uzatdığı digər yurd yerlərimiz kimi bizim üçün çox müqəddəsdir. Bu ərazinin hər qarışı üçün Azərbaycan böyük mücadilələr aparıb, qurbanlar verib.

Daha öncəki Qarabağ savaşının sonlarına yaxın baş vermiş döyüş Qarabağ müharibəsi tarixindəki ən qanlı döyüşlərdən biri sayılır. Çünki Murovdağ əməliyyatında xeyli sayda hərbçimiz həyatını itirib.

Məhz bu səbəbdən də Azərbaycanın simvollarından biri olan bu dağin zirvəsinə bəzən həsrət zirvəsi də deyirdilər.

Məhz o yüksəkliklərin erməni silahlı birləşmələrinin ələ keçirməsi nəticəsində Kəlbəcər rayonu tamamən mənfur düşmənlərimizin nəzarətinə keçib.

Amma bu həsrət, bu işğal 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində bitdi. Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad edildi!

DÜDÜKÇÜ

Düdükçü kəndinin adı bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə adlanır. Keçmiş adı Kolatağ olub.

Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Sözügedən kənddə Nadir şah Əfşar dönəmində (1743-cü il) tikilmiş kilsə və Qarabağ xanlığı dönəminə aid məzarlığın yerləşdiyi bildirilir.

Fotolarda kəndin əsrarəngiz təbiəti əks olunub. Tezliklə canlı görəcəyik!



XUDAFƏRİN KÖRPÜLƏRİ

Bu il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü daha yaddaqalan qeyd olundu. Çünki Azərbaycan tarixinə torpaqlarımızın bütövlüyü, erməni işğalındana azad olunması yolunda başlanan haqq savaşının daha bir şanlı səhifəsi yazıldı. 27 illik həsrətdən sonra Azərbaycan bayrağı yenidən Cəbrayılda - Xudafərin körpüsünün üstündə dalğalandı.

Bu məşhur həsrət körpüsünə nəzər salaq:

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.


Qeyd edək ki, bu körpü İpək yolunun üzərində yerləşir.

Arazı "möcüzəli çay" adlandıran Yaqut Həməvi yazır: "Aranda, Araz boyunca min şəhər var."

C. Qiyasi isə qeyd edir ki, şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülübmüş. Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür. Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər inşa edilmişdir.

Xudafərin körpüləri görkəmli memarlıq abidələri və Azərbaycanın tarixi keçmişinin şahidləridir. Bir neçə əsrdir tarixçilərin və səyyahların diqqətini çəkmiş və Böyük İpək Yolunun əsas qovşaqlarından biri olmuşlar.

ƏRGÜNƏŞ

İllərlə işğaldan azad olunacağını gözlədiyimiz yurd yerlərimizdən biri də Ərgünəşdir.

Ərgünəş- Argünəş — Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində yerləşir. Hündürlüyü 1468 m olan bu məkan hərbi-strateji yüksəklikdir.

Ərgünəş oronimi Ar və günəş sözlərindən düzəlib.

Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronimin izahı belədir:

"Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlandırılıb".

ŞAHBULAQ QALASI

Qarabağ Xanlığının əsasını qoyan Pənahəli Xan, İran tərəfindən gözlənilən təhlükədən qorunmaq üçün strateji baxımdan əlverişli bir yerdə güclü bir qala tikməyə qərar verir. Bu qala xanlığın mərkəzi qalasına çevrilməlidir. Bu məqsədlə Ağdamdan 10 km məsafədə dağların ətəyində, bulağın yanında bir yer seçir. Burada Şahbulaq qalasının inşası hər cəhətdən faydalı idi. Daha doğrusu, təhlükəsiz idi. Tarixçilərə görə, xanlığın mərkəzinə çevrilməsi lazım olan bu qalanın inşası 1751-1752-ci illərdə başa çatmışdır. Şahbulaq qalasının içərisində yaşayış binaları, hamam, məscid və bazar tikilmişdir. 

Şahbulaq qalası hündür divarlarla əhatə olunmuşdu.Bina əla görünürdü. Pənahəli xan burada ailəsi, qohumları, yaxınları, böyük ustadları və elm adamları ilə birlikdə yaşayırdı.



İSTİSU

Qafqazı "bəşəriyyətin beşiyi" adlandıran böyük Fransız yazıçısı Aleksandr Düma "Qafqaz" əsərində Azərbaycanın, onun təbiətinin və xalqının ürəyində dərin iz buraxdığını vurğulamışdır: "Nə olardı, o yerləri təkrar ziyarət edə bilsəydim?”.

Azərbaycan təbiətinin möcüzələrindən biri yerin dərinliklərindən çıxan və minlərlə xəstəliyin müalicəsi sayılan İstisu mineral sularıdır. Mineral suların çıxdığı Azərbaycan Respublikasının Kəlbəcər rayonu bu ölkənin ən böyük bölgələrindən biri sayılır. Təbiət, Kəlbəcərə dünyadakı bilinən minlərlə faydadan biri olan və şəfa olaraq bir milyon insanı həyatına qaytaran, həyat verən su bəxş etmişdir.



İstisu, Kəlbəcərin qərb hissəsində, dağ silsilələrinin yamacında yerləşir. Kəlbəcər rayonunun İstisu kəndi dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Hələ Sovet dövründə, 1928-ci ildə İstisu bulağında məşhur mineral suları olan bir sanatoriya yaradılmışdır. İstisu Kəlbəcərin və İstisu sanatoriyasının mineral su ehtiyatları bütün dünyada tanınır.

Mineral bulaqlar 1138-ci ildə Azərbaycanın Gəncə şəhəri yaxınlığında baş verən güclü zəlzələ nəticəsində əmələ gələn çatlardan yaranmışdır. Bu sular kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə tanınmış Karlovı Varı (Çex Respublikası) bulaqlarına bənzəyir və bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir.

ÇƏTİR ŞƏLALƏSİ

Şuşada,Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi kimi də tanınır. Şəlalədən axan su Daşaltı çayına tökülür. Yaxın zamanda 26 yanvar 1992-ci ildə 100-ə yaxın Azərbaycan oğlunun şəhid olması və itkin düşməsi ilə nəticələnmiş Daşaltı xəyanətinin qisası alınacaq və biz Şuşamıza çox maraqlı turlar təşkil edəcəyik. 



AĞDAM CÜMƏ MƏSCİDİ

Ağdam Cümə Məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdir. 

Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.

1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi erməni vandalizminin qurbanı olub dağıdılmışdır.