UCUZ AVİAŞİRKƏTLƏR VƏ LOUKOSTERLƏR NECƏ QƏNAƏT EDİR?

  • 4334

Loukosterlər, diskaunterlər,aşağıbüdcəli və ucuz aviaşirkətlər- bunlar hamısı Qərbdə çoxdan yaranmış və indi bazarımızda da fəal inkişaf edən ucuz hava nəqliyyat növünün adlarıdır. Bu nəqliyyat növünün mahiyyəti daha ucuz uçmaq, rahatlığı və lazımsız xidmətləri qurban verməkdir.

Əvvəlcə yeni yaranmış ucuz şirkətlərin özlərini yüksək səslə elan etmələri lazım olduqda, 10, 5 hətta 1 € dəyərində biletlər tez-tez satışa çıxardı. Hal-hazırda belə bir səxavətə inanmaq çətindir, amma 15-30 avroya uçmaq fürsəti bu gün də qüvvədə qalır.

Buradaki hiylə nədir, niyə bu qədər ucuzdur?

Hiylə yoxdur, həqiqətən restoranda təvazökar bir nahar yeməyinin əvəzinə xaricə uçmaq olar. Yalnız ucuz aviaşirkətlərin nəyə qənaət etdiyini bilməli və bu bilikləri öz xeyrinizə necə istifadə edəcəyinizi anlamalısınız.

Qısaca, ucuz hava yollarının qiymətlərə yanaşmasını belə təsvir etmək olar: “biz sizə yalnız uçmaq imkanı veririk, qalan hissəsini siz ödəyirsiniz”. Prinsip məqsədəuyğundur və həqiqətən xərcləri azaltmağa kömək edir, buna görə də bir çox klassik aviaşirkət bunu tətbiq etməyə artıq başlayıb. Məsələn, Latviyanın milli aviadaşıyıcısı (Rusiyadakı Aeroflot kimi) airBaltic, elə cəlbedici bilet qiymətləri təklif edir ki, asanlıqla ucuz hava yolu şirkəti kimi təsnif edilə bilər.


Ümumi xərci aşağı endirmənin arxasınca qaçıb sərnişin təyyarələri olduğunu və içində insanları uçurduğunu unudan fanatik loukosterlər də var. Bu cür şirkətlərin təyyarəsindəki oturacaqlar gərgin zamandaki metrolar kimidir. Gecikmələr, gec gəlişlər, qeydiyyat və baqaj problemləri istisna deyil, normadır. Şikayətlərin verilməsi və baxılması prosesi o qədər yorucu olur ki, şikayətləri unutmaq və əsəblərinizi pozmamaq daha asandır.

Ancaq əksər müasir ucuz aviaşirkətlər yenə də ənənəvi hava yolları ilə müqayisədə daha “humanitar” bir iş modeli seçirlər.

Ucuz hava yollarının qənaət taktikası

Hava limanları

Aeroport rüsumları təyyarəyə göstərilən xidmətin haqqı olmasına baxmayaraq, təbii ki, sərnişinlərdən alınır. Ödənişin məbləğini və müvafiq olaraq biletin qiymətini necə azaltmaq olar? Daha ucuz hava limanlarına uçaraq. Hansı hava limanları daha ucuzdur? Köhnə və ya şəhərdən uzaq olanlar.

Məsələn, Macarıstanın ucuz aviaşirkəti olan Wizz Air Polşadakı Katowice hava limanını bazalarından biri kimi istifadə edir. Və bu hava limanı turistlərin maraq göstərdiyi ən yaxın şəhər - Krakovdan 100 km məsafədə yerləşir. Ümumiyyətlə, turistik hesab edilməyən Katowice belə oradan 30 km məsafədədir. Əlbətdə ki, ictimai nəqliyyat burada inkişaf etdirilib və problemsiz gedə bilərsiniz - amma bu əlavə vaxt və puldur.

Xoşbəxtlikdən, loukosterlər həmişə bu seçimə müraciət etmək məcburiyyətində deyil. Çox vaxt bu şirkətlərin bazaları minimum vergi təyin edən köhnə hava limanlarıdır.

Bu hava limanları adətən şəhər daxilində olduğuna görə turistik yerlərə tez və rahatlıqla çatmaq olar. Məsələn, Wizz Air-in uçduğu Kiyevdəki Julyanı hava limanı, həmçinin Bangkokdakı müasir Suvarnabumi Hava Limanının açılışından sonra işdən kənarda qalan və indi bir neçə Asiya ölkələrinin loukosterlərinin bazasına çevrilən Don Muang Hava limanı.


Aeroport vergilərini azaltmanın bir yolu da hava limanı infrastrukturunu ucuz qiymətə başa gətirməkdir. Təsəvvür edirsinizmi, sərnişinləri təyyarələrə aparan avtobusların qiymətlərini? Benzin, texniki xidmət, sürücülərin və mexaniklərin maaşlarını da əlavə edin. Jet Bridge adı verilən sərnişin körpüləri avtobuslara daha ucuz alternativdir, lakin onların da xərci az deyil. Buna görə, Air Asia-nın əsas bazası olan Kuala Lumpur Beynəlxalq Hava Limanının LCCT terminalında sərnişinlər qapıdan təyyarəyə piyada gedirlər.


Ancaq bəzi loukosterlər rəqabətdə fərqlənmək üçün daha əlverişli hava limanları seçirlər. Məsələn, İspaniyanın aşağıbüdcəli aviaşirkəti uçduğu bütün istiqamətlərdə əsas hava limanlarına eniş edir.

Uçuş vaxtları və aviareys sayları

Hava limanında parking haqqını yalnız sərnişinlər deyil, həm də aviaşirkətlər ödəyirlər. Buna görə, ucuz hava yollarının əksəriyyəti təyyarələrini yerdə yox, səmada saxlamağa üstünlük verir. Təyyarə eniş edir, sərnişinlər çıxır, yeni sərnişinlər daxil olur və təyyarə yeni uçuş üçün heç vaxt itirmədən qalxır. Və bu, beləcə bütün gün davam edir. Avtobuslarda olduğu kimi arada yalnız salon təmizlənir. Nəticədə, ucuz hava gəmiləri yalnız öz hava limanlarında “gecələyir”.


Hava limanı vergisi çox vaxt təyyarənin çatma vaxtından və mövsümdən də asılıdır. Gündüz gecədən,turizm mövsümünün pik zamanı da digər dövrlərdən daha bahalıdır. Aşağıbüdcəli aviaşirkətlərin əksəriyyəti cədvəllərini bu qiymət dəyişikliklərini nəzərə alaraq qurur. Buna görə bilet alarkən, gediş və gəliş vaxtına xüsusi diqqət yetirin.

Təyyarə donanması

Yeni avtomobillərə həmişə üç, hətta beş il zəmanət verilir. Buna səbəb möhkəm bir avtomobilin istismarın ilk illərində nadir hallarda təmirə ehtiyacı olmasıdır. Təyyarələrdə də eynidir.

Təmir və çox sayda texniki işçi heyətinin saxlanılması  xərclərindən qaçınmaq üçün ucuz hava yolları yalnız yeni təyyarələr alır və bir modelə üstünlük verməyə çalışır. Təyyarələr 5-6 il xidmət etdikdən sonra digər hava yollarına satılır. Məsələn, planespotters.net saytına görə, Britaniyanın aşağıbüdcəli aviaşirkəti easyJet-in təyyarələrinin ortalama yaşı 5 yaşın altındadır, milli hava yolu British Air-in təyyarələrinin ortalama yaşı isə  təxminən 13 ildir. Yeri gəlmişkən, bu, hansı aviaşirkətlərin uçmaq üçün daha etibarlı olduğunu düşünmək üçün bir səbəb verir – loukosterlər və ya klassik.

Pul qazanmağın başqa bir açıq-aşkar yolu da təyyarəyə daha çox sərnişin yığmaqdır. Bu səbəbdən, ucuz şirkətlər tez-tez kabinələrində klassik hava yollarının təyyarələrindən daha çox oturacaq yeri olan təyyarələr sifariş edirlər. Sıralar arasındakı dar keçidlərin arxasında pul qazanmağın başqa bir yolu daha var -  ayaqları uzatmağa yeri olan oturacaqları daha yüksək qiymətə satmaq.


Satış müddəti və biletin geri qaytarılması qaydaları

Boş bir təyyarəni uçurmaq heç bir gəlir gətirmədiyi üçün istənilən aviaşirkət təyyarələrinin 100% sərnişinlə dolu olmasını istəyir. Ancaq əslində, IATA məlumatlarına əsasən, bütün dünyada ortalama doluluq təxminən 70% təşkil edir və hər bir aviaşirkət bunu bilir. Bu barədə yüksək səslə danışmamağa çalışıb  aviabiletlərin qiymətlərini elə təyin edirlər ki, hətta 70% sərnişin bütün uçuşun rentabelliyini qarşılamış olsun. Başqa sözlə, bilet alanda özünüzə və təyyarədəki boş oturacağın yarısına görə pul ödəyirsiniz.

Aviaşirkətlər uçuşlarına bütün biletlərin satılacağını, lakin eyni zamanda təyyarələrdə 20-30% boş yerlərin qalacağını bilirlər. Niyə bu yerlərə ucuz qiymətə bilet satıb daha çox qazanmasınlar ki? Loukoster və klassik hava yollarının müntəzəm endirimləri və aksiyaları məhz bu yolla hazırlanır.


Erkən satış pul qazanmağın başqa bir yoludur. Siz yarım il sonraya aviabilet alırsınız. Xoşbəxtsiniz,çünki pulunuza qənaət etdiniz. Və aviaşirkət xoşbəxtdir, çünki altı ay ərzində pulunuzu öz dövriyyəsində istifadə edəcək. Faizsiz kredit kimi bir şey alınır. Üstəlik, qaytarılması lazım olmayan bir kredit. Çünki əksər loukosterlər bileti qaytarma imkanı vermir. Uçuş tarixinin və ya sərnişinin adının sadə bir şəkildə dəyişdirilməsi belə orijinal bilet qiymətindən qat-qat çox ola bilər.

Bununla birlikdə, qaytarılmayan bir biletdən belə, pulun ən azından bir hissəsini geri ala bilərsiniz. Məsələn, sərnişin hava limanına gəlməyibsə, bir çox aşağıbüdcəli aviaşirkət, o cümlədən Air Asia, aeroport rüsumlarının cəmini (bir ay yaxud 45 gün sonra olsa da) qaytaracaq. Bundan əlavə, əksər şirkətlərin tarif planları var ki, bileti qaytarmağa imkan yaradır . Belə bir fürsət üçün əlavə pul ödəməli olacaqsınız, ancaq tarixlərdən qətiliklə əmin deyilsinizsə, bu yaxşı bir seçimdir.

Bilet alma və qeydiyyatdan keçmə üsulu

İnternet mağazalarında olduğu kimi eyni qənaət prinsipi də burada tətbiq olunur. Sabit ofislərin və onların işçilərinin saxlanılması baha başa gəlir. Buna görə də ucuz hava yolları öz biletlərini internetdə (online) satırlar. Klassik aviaşirkətlər isə tez-tez agent şəbəkəsi vasitəsi ilə bilet satırlar və hər agent əlbətdə qiymətdə düzəliş edir.


Hava limanında qeydiyyat masalarındaki işçilərə maaş vermək də baha başa gəlir. Buna görə, ucuz aviaşirkətlərin uçuşlarına onlayn qeydiyyat etmək pulsuz, hava limanında isə ödənişli olur.

Təyyarədə qidalanma



Heç bir ucuz hava yolu şirkəti uçuşda sərnişinləri pulsuz qidalandırmaz. Bu, “biz yalnız uçmaq imkanı veririk, qalanını siz ödəyirsiniz” prinsipinin növbəti təzahürüdür.

Əslində qısa uçuşlarda təyyarədə yemək yemək sərnişini əyləndirmək və ya heç olmasa uçuşdan yayındırmaq üçün bir yoldur. Doğrudan da, 2-3 saatlıq uçuş zamanı qidalanmamaq həqiqətən bu qədər çətindir? Xüsusilə uçuşunuzdan əvvəl evdə və ya hava limanında bir şey yemisinizsə

Təyyarədə bahalı bir restoranın nahar yeməyi qiymətinə yemək sifariş etməmək üçün yanınızda bir şey aparın. Məsələn, quru meyvələr, qoz-fındıq və ya çərəz. Rəsmi olaraq, hava yolları bunu qadağan etsə də, praktikada stüardessalar heç vaxt buna əhəmiyyət vermirlər.

Hələ də ac qalacağınıza əminsinizsə, aviaşirkətin rəsmi saytından əvvəlcədən yemək sifariş edin. Beləliklə, qidalanmanızı iki qat ucuz qiymətə başa gətirə bilərsiniz.

Təyyarədə əyləncə

Müasir təyyarələrdə uçuş zamanı əylənməyin bir çox yolu var. Qarşıdakı oturacağın arxasındakı monitor musiqi dinləməyə, oyun oynamağa və ya film izləməyə imkan verir. Bu cür təyyarələrdən flydubai kimi bəzi ucuz hava yolları istifadə edir. Ancaq qulaqlıq və hər bir film üçün pul ödəməli olacaqsınız.


Eyni zamanda, bir neçə il əvvəl onlarla aviaşirkət təyyarədəki elektron cihazların istifadəsi ilə əlaqədar  mənasız qadağaların ləğv edildiyini elan etdi. Böyük ehtimaldır ki, Siz də bir və ya daha çox cihazı özünüzlə götürəcəksiniz. Buna görə, əlavə pul ödəməmək üçün uçuşdan əvvəl noutbukunuzun, planşetinizin və ya elektron kitabınızın enerjisini doldurun.

Oturacaq seçimi

Ucuz hava yolları, təyyarədəki oturacaq kimi xırda şeylərdən belə pul qazanmağı bacarır. Klassik aviaşirkətlər həmişə rəsmi saytlarında qeydiyyatdan keçərkən yer seçmə imkanı yaradır. Eyni zamanda hava limanında qeydiyyat zamanı Siz pəncərə kənarında bir oturacaq tələb edə bilərsiniz. Ucuz aviaşirkətlər isə belə bir fürsət vermir. 

Onlayn qeydiyyat sistemi, ehtimal ki, sizə koridorda yer verəcəkdir. Pəncərənin yanında oturmaq istəyirsinizsə, əlavə ödəniş edəcəksiniz. Birdən çox bilet alsanız, sistem sizi və yoldaşlarınızı kabinin müxtəlif yerlərinə səpələyə bilər. Yanbayan oturmaq istəyirsinizsə, yenə də pul ödəməli olacaqsınız . Ayaqlarınızı rahat şəkildə uzadıb oturmaq istəyirsinizsə- daha da çox əlavə ödəniş edin və təcili çıxış tərəfdə yaxud ilk sırada oturun. Bununla birlikdə, bu yalnız loukosterlərə məxsus bir xüsusiyyət deyil, klassik hava yolları da çoxdandır ki bu oturacaqları əlavə ödənişlə satır. Ancaq ucuz hava yolları təyyarələrində oturacaqlar çox sıx olduğundan loukosterlərdə bu problem daha çox hiss edilir.

Baqaj


Ucuz aviaşirkətlərlə adi aviaşirkətlər arasında ən çox nəzərə çarpan fərq baqaj siyasətidir. Klassik bir aviaşirkət bilet qiymətinə hər zaman baqaj və əl yükü daşınmasını daxil edirsə, ucuz bir aviaşirkətdə yalnız əl yükünə ümid  edə bilərsiniz. Eyni zamanda əlavə baqaj almaq istəsəniz, bu, aviabiletinizin qiymətindən iki dəfə baha başa gələ bilər.

Xülasə

Bütün yükünüzü əl çantanıza yığdığınız, təyyarədə yemək sifarişi və yer seçimi etmədiyiniz, bilet alışı və uçuşa qeydiyyat prosesini onlayn şəkildə həyata keçirdiyiniz təqdirdə aşağıbüdcəli bir aviaşirkətin reysinə ucuz bilet əldə edə bilərsiniz. Lakin həm pulunuza qənaət etmək, həm də rahatlığınızı əldən verməmək istəyirsinizsə bizi sosial şəbəkələrdə izləyin və aviaşirkətlərin endirim kampaniyalarından xəbərdar olun!