AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı dekabrın 1-dən etibarən Moskvanın “Vnukovo” (VKO) hava limanına xüsusi reyslər yerinə yetirməyə başlayacaq.

Həmin tarixdən həmçinin “Domodedovo” (DME) hava limanına reyslərin sayı artır. Hər iki hava limanına reyslər hər gün həyata keçiriləcək. Beləliklə, Bakıdan Rusiyanın paytaxtına reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq.

Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-russia

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVID-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.